İQTİSADİYYAT
"Azərbaycan" İES-də texniki-iqtisadi göstəricilər yüksəkdir
Bakı, 1 iyul, AZƏRTAC
Respublikamızın enerji nəhəngi sayılan "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) həyata keçirilmiş tədbirlər nəticəsində texniki-iqtisadi göstəriciləri daha da yüksəlib. Cari ildə enerji blokları və avadanlığın dayanıqlı və qənaətli iş rejimi təmin olunub, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı proqnozları yerinə yetirilib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilin əvvəlindən bəri burada istehsal olunan elektrik enerjisi 3,1 milyard kilovat-saatdan çox olub. May ayında isə energetiklər 347, 2 milyon kilovat-saat elektrik enerjisi istehsal ediblər. Bu ilin 5 ayında stansiyada elektrik enerjisinin xüsusi sərfiyyatında qənaət olunub. Enerji blokları və avadanlıqların dayanıqlı və fasiləsiz işinin təmin olunması məqsədilə nəzərdə tutulmuş profilaktiki yoxlama işləri aparılıb, ikinci enerji blokunda isə əsaslı təmir işləri davam etdirilib.