MƏDƏNİYYƏT
"Azərbaycana birgə yardım" təşkilatı Musiqili Teatra təşəkkür edib
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı artıq yekunlaşmaqda olan 105-ci teatr mövsümündə də ənənəsinə sadiq qalaraq humanitar, sosial yönümlü fəaliyyəti ilə diqqət mərkəzində olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövsüm boyu Musiqili Teatrın kollektivi müxtəlif hərbi hissələrdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, uşaq evlərində konsert proqramı və tamaşalarla təmənnasız olaraq çıxış edib və daima bu kollektivlərdən təşəkkür məktubları alıb. Belə təşkilatlardan biri də uşaqların təhsili və sağlamlığını diqqət mərkəzində saxlayan "Azərbaycana birgə yardım" ("United aid for Azerbaijan") humanitar təşkilatıdır.
Bu günlərdə təşkilat tərəfindən teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevə məktub ünvanlanıb. Məktubda teatrın başa çatmaqda olan 105-ci mövsümü ərzində təşkilatla sıx əməkdaşlıq edərək bütün tamaşalarında quruma təmənnasız yer ayırdıqlarına görə həm öz, həm də valideynlər adından minnətdarlıq bildirilir.