İQTİSADİYYAT


"Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsinin nəticələri açıqlanıb

Bakı, 15 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsinin nəticələrini elan edib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 15-də ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində keçirilən seminarda qurumun sədr müavini Rövşən Rüstəmov layihə barədə məlumat verib. Bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd "Azersky" peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Qeyd edilib ki, elmi-tədqiqat institutları, ali məktəblər və digər elm müəssisələri tərəfindən müsabiqəyə təqdim olunan 12 layihədən 9-u qalib seçilib.

“Azərkosmos” ASC-nin nümayəndəsi Eldəniz Əliyev ASC-nin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sonra "Azersky" peykinin təsvirlərinin emalı qrupunun rəhbəri Aqil Əhmədov layihələrin qiymətləndirilməsinə dair yekun təqdimatla çıxış edib. Bildirilib ki, müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, Yer səthinin məsafədən müşahidəsi sahəsində yeni təşəbbüs olması və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına tam cavab verən təkliflər əsasında 3 qalib müəyyən olunub. Bununla yanaşı, müsabiqənin qalibi olmayan, lakin maraq doğuran 6 layihə də həvəsləndirici yerlərə layiq görülüb. Layihələr ətraf mühitin öyrənilməsi və tədqiqi, fövqəladə hallara qarşı hazırlıq, buzlaqların monitorinqi, vulkanların tədqiqi və digər mövzuları əhatə edir ki, bu mövzular Azərbaycanda elmi tərəfdən heç vaxt işlənilməyib və yaxud da qismən işlənilib.

Tədbirdə iştirakçıların sorğusuna əsasən, “Azersky” peyki vasitəsilə əldə olunan təsvirlər qaliblərə və həvəsləndirici yerlərin sahiblərinə təqdim olunub və onlarla müqavilə imzalanıb.

Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti altı ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.