İQTİSADİYYAT
"Azərişıq" ASC "Elektron hökumət" portalına inteqrasiya edilib
Bakı, 22 may, AZƏRTAC
"Azərişıq” ASC “Elektron hökumət” portalina inteqrasiya olunub. "Texniki şərt üçün müraciət forması” adlı elektron xidmət vasitəsilə istifadəçilər bu quruma müraciət edə biləcəklər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, istifadəçi portalda qeydiyyatdan keçib xidmətə daxil olan zaman onun şəxsiyyət vəsiqəsindəki məlumatlar İAMAS-dan götürülərək avtomatik olaraq doldurulur. Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.
Qeyd edək ki, "Azərişıq” ASC-nin 100 minə yaxın abunəçi üzrə ev telefon nömrəsi və FİN üzrə məlumatlar MHM tərəfindən təyin edilərək əlavə olunub və "Azərişıq" ASC-yə təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir və birinci mərhələdə Bakı şəhəri üzrə abunəçilər, ikinci mərhələdə isə region abunəçiləri üzrə məlumatların portala inteqrasiyası nəzərdə tutulur. Hazırda bir neçə digər xidmətin elektronlaşdırılaraq portala interqasiyası üzərində iş aparılır.
Bu elektron xidmətin "Elektron hökumət”ə inteqrasiyası ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatıb.