İDMAN
"Azəryol" həndbol komandası vahid liderə çevrilib
Bakı, 3 dekabr, AZƏRTAC
Həndbol üzrə Azərbaycan çempionatında 7-ci turun oyunlarına start verilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu tur qadınlar arasında üç, kişilər arasında iki oyun keçirilib.
Qadınların mübarizəsində "İdman Akademiyası" təmsilçilərinin qonağı olan "Nur" kollektivi 36:20, "Gənclərbirliyi" komandası ilə qarşılaşan "Azəryol" həndbolçuları isə 38:17 hesabı ilə asan qələbə qazanıblar. "Qarabağ" - "Azərsu" matçı gərgin idman mübarizəsi şəraitində keçib. Tərəflərin cəhdlərinə baxmayaraq, görüş sülhlə yekunlaşıb - 23:23.
Bu nəticələrdən sonra aktivindəki xalların sayını 12-yə çatdıran "Azəryol" komandası turnir cədvəlinin vahid liderinə çevrilib. "Azərsu" kollektivi 11 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 8 xalla "Nur" həndbolçuları qapayırlar. Dördüncü yerin sahibi aktivində 7 xal olan "Qarabağ"dır. "Gənclərbirliyi" və "İdman Akademiyası" kollektivləri 2 xalla beşinci və altıncı yerləri bölüşürlər.
Kişilərin mübarizəsində turnir cədvəlinin autsayderi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri "Bakı" həndbolçuları ilə qarşılaşıblar. Görüş paytaxtın eyniadlı təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 43:19. Turun gözlənilməz nəticəsi isə "Təhsil" - "Məhsul" oyununda qeydə alınıb. "Məhsul" komandası bu görüşdə ilk məğlubiyyətini alıb - 34:29.
Beləliklə, "Məhsul" kollektivi 10 xalla turnir cədvəlinin lideridir. "Təhsil" komandası 8 xalla ikinci, "Bakı" həndbolçuları 6 xalla üçüncü yerlərdə qərarlaşıblar. Dördüncü pillənin sahibi RİOEUGİM-in isə aktivində xal yoxdur.