REGİONLAR
"Azexport" İmişlidə Aran bölgəsinin sahibkarlarına təqdim olunacaq
Bakı, 17 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) region sahibkarları ilə növbəti görüşünü martın 18-də İmişlidə keçirəcək.
Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildiriblər.
İmişli rayon Gənclər Mərkəzində keçiriləcək tədbirə Şirvan, Beyləqan, Biləsuvar, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyandan 200 sahibkar qatılacaq. Tədbirdə İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı iştirak edəcək.
Görüşdə portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs ediləcək, həmçinin "Azexport.az"a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat veriləcək.
Qeyd edək ki, bu, artıq iqtisadi rayonlarda keçirilən yeddinci görüşdür. İndiyədək portalın Şəki, Şamaxı, Gəncə, Yevlax, Lənkəran və Xaçmazda sahibkarlarla görüşü baş tutub.
Xatırladaq ki, "Azexport.az" portalına Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. "Azexport" portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. Sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün "Azexport" komandası indiyə qədər Bakıda və bölgələrdə minlərlə sahibkarla görüş keçirib.
"Azexport.az" portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib.