İQTİSADİYYAT


"Azexport" "WorldFood Azerbaijan 2017" sərgisində iştirak edir

Bakı, 17 may, AZƏRTAC

"Azexport.az" portalı Bakı Ekspo Mərkəzində keçirilən XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017"də iştirak edir. Sərgi regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri hesab olunur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR-meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib.

Qeyd edilib ki, "Azexport" portalının, xüsusilə kənd təsərrüfatı məhsulları barədə məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma olduğunu nəzərə alsaq, portalın bu sərgidə iştirakı əhəmiyyətlidir. Çünki portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan "Azexport.az" vasitəsilə "Made in Azerbaijan" brendi alıcılara yaxınlaşdırılır.

Portal hazırda Azərbaycanın qida məhsullarının ixracı üçün əsas platforma hesab olunur. Belə ki, 2017-ci ilin ilk rübündə "Azexport" portalı tərəfindən xarici tərəfdaşlardan alınan ixrac sifarişlərinin 90 faizdən artığı məhz bu sektorun payına düşür. Qeyd olunan dövrdə kənd təsərrüfatı və qida məhsullarının ixracı isə 10 faizdən çox artıb.

Hər il keçirilən sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edir.

Builki sərgi çərçivəsində kənd təsərrüfatı, qida sənayesi, qablaşdırma, texnika və avadanlıq, kənd kimyası məhsulları, konsaltinq, nəqliyyat-loqistika və s. sahələri təmsil edən dövlət qurumları ilə yanaşı, dünyanın 28 ölkəsindən 331 kommersiya təşkilatı bir araya toplanıb.

Qeyd edək ki, "Azexport" portalı Bakı Ekspo Mərkəzində keçirilən XVI "TransCaspian/Translogistica 2017" sərgisində 10-dan artıq şirkətlə əməkdaşlığa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.