REGİONLAR
"Azexport.az" portalı İmişlidə bölgə sahibkarlarına təqdim olunub
İmişli, 18 mart, Mahir Babayev, AZƏRTAC
Martın 18-də İmişlidə sahibkarlıq və ixrac imkanlarını genişləndirmək üçün iş adamlarına dəstək olan “Azexport” portalı bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, rayondakı Gənclər Mərkəzində keçirilən tədbirə Şirvan şəhər, Beyləqan, Biləsuvar, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyandan olan 200-dən çox sahibkar qatılıb.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd sahibkarlara Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan “Azexport” portalı barədə geniş məlumat verməkdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi barədə danışıb. Son illər qeyri-neft potensialının cəmləşdiyi regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun kompleks tədbirlərin görüldüyünü deyən icraçı direktoru bildirib ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan portal bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm işlər görür.
Bununla yanaşı, sahibkarlara portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib, həmçinin “Azexport.az”a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat verilib.
Sonra sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edilib, suallar cavablandırılıb.
Xatırladaq ki, "Azexport.az" portalına Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. "Azexport.az" portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.