İQTİSADİYYAT
"Azsığorta" korporativ müştərilərlə əməkdaşlığı genişləndirir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan "Azsığorta" ASC korporativ müştərilərlə əməkdaşlığı genişləndirir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, korporativ seqmentlə əməkdaşlığın genişləndirilməsi və qlobal böhran şəraitində öz tərəfdaşları üçün cəlbedici şərtlərin təklif edilməsi üçün şirkətə peşəkar mütəxəssislər cəlb olunub.
Qeyd edilib ki, Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin 2015-ci ilin yanvar-iyul ayları üzrə açıqladığı statistik rəqəmlərə görə, "Azsığorta" şirkəti hesabat dövründə 19 828,8 min manat həcmində sığorta haqqı toplayıb. Həmin dövrdə şirkətin sığorta hadisələri üzrə ödənişləri isə 4 327,1 min manat olub.
"Azsığorta" şirkəti Azərbaycan sığorta bazarında ən mənfəətli qeyri-həyat (Non-Life) şirkət hesab edilir. Bu tendensiya artıq davamlı xarakter alıb, bu da şirkətin stabil inkişafından xəbər verir.
Xatırladaq ki, 2006-cı ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərən "Azsığorta" ASC-nin Bakıda və 7 regionda filialları fəaliyyət göstərir.