İQTİSADİYYAT
"Bakcell" ilk "ağıllı avtomobil"i təqdim edib
Bakı, 3 dekabr, AZƏRTAC
"Bakcell" şirkəti 189 taksi xidməti ilə birlikdə "Green Car Azerbaijan" MMC-nin təqdim etdiyi "ağıllı avtomobil"i "Bakutel 2015" sərgisində nümayiş etdirir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "Bakcell" stendində nəqliyyat vasitələrində Wi-Fi şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradlılıb. Stendin ziyarətçiləri ən son Tesla avtomobilini və avtomobil texnologiyasi ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görəcəklər. 189 taksi xidməti "Bakcell"in ən böyük korporativ müştərilərindən biri və "Ulduzum" sadiqlik proqramının əsas tərəfdaşıdır. Bu taksilərdən istifadə edən sərnişinlər "Bakcell"in yüksək sürətli Wi-Fi xidmətindən pulsuz yararlana bilərlər. Bunun üçün "Bakcell" abunəçiləri 189 taksi xidmətinin avtomobillərində şirkətin Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən "Bakcell" abunəçisi və ya rouminqdə olarkən "Bakcell" şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.
"Bakutel 2015" sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən yerə taksi sifariş edən "Bakcell" abunəçiləri "Ulduzum" kodu vasitəsilə 20 faiz endirim əldə edirlər. "Ulduzum" guşəsinin ziyarətçiləri, həmçinin monitorda 2D formatında "Rəqəmsal Caynalı Kran" (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən hədiyyələr əldə edirlər.