İQTİSADİYYAT


"Baku Guide" bələdçi kataloqunun avqust nömrəsində...

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun avqust nömrəsi çapdan çıxıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, üç dildə (Azərbaycan, ingilis, rus) hazırlanan kataloqun bu nömrəsində pilot layihə kimi materiallar fars dilində də verilib və bununla kataloq Azərbaycana qonşu İrandan səfər edən çoxsaylı turistlər üçün də bələdçi rolunu oynayacaq.

Nəşrin avqust buraxılışı Bakını və bütövlükdə ölkəmizi əcnəbi qonaqlara dolğun şəkildə tanıdan, dünyanı fəth edən Azərbaycan musiqisi, korifey bəstəkar və müğənnilərimiz, tarixi-mədəni irsimiz, abidələrimiz, gəzməli-görməli məkanlar, geniş infrastruktura malik müxtəlif turizm növləri, səfalı təbiət, istirahət guşələri, ləziz mətbəximiz barədə rəngarəng materiallarla zəngindir.

Ecazkar muğamdan ipək kəlağayıyadək UNESCO siyahısındakı qeyri-maddi mədəni irs nümunələrimizdən bəhs edən yazı, “Dünya musiqi xəzinəsində Azərbaycan adları”, “Qarabağ - Azərbaycanın mədəniyyət beşiyi” və s. materiallar bu qəbildəndir.

Kataloqun bu nömrəsində paytaxtımızın ev sahibliyi etdiyi Formula-1 üzrə Avropa Qran-prisinin yekunlarından söz açılır, Bakıda, Xəzərin qızılı sahilində təşkil olunan, iştirakçı və izləyicilərə unudulmaz təəssürat yaşadan “Jara” (“İsti günlər”) beynəlxalq yay musiqi festivalı haqqında reportaj təqdim edilir.

“Günəşli Azərbaycanda istirahət”, mədəni turizmin ünvanı kimi hər il minlərlə qonaq qəbul edən Lahıcın qədim misgərlik sənəti, müalicə və ov turizmi ilə bağlı məqalələr isə Azərbaycanda ilin bütün fəsillərində mənalı istirahət keçirmək istəyənlərə bələdçilik edəcək.

“Azərbaycan mətbəxi” rubrikasında bu dəfə oxucular milli mətbəxinin daha bir dadlı nümunəsinin - cız-bızın hazırlanma qaydası ilə tanış olacaqlar.

Paytaxtın kino nümayişi mərkəzlərinin avqust ayı üçün afişası, aktiv, adrenalin dolu istirahətə üstünlük verən şəhər sakinləri və qonaqları maraqlandıracaq əyləncə gecələri, konsert və digər tədbirlər haqqında məlumatlar da kataloqda əksini tapıb.

Oxucular Mədəniyyət və Turizm Nazirliyin nəzdində yeni yaradılan “Baku City Tour”un təqdim etdiyi avtobus gəzintisi, turun marşrut və dayanacaqlar, göstərilən xidmətlə bağlı da məlumatla da tanış ola bilərlər.

Avqust buraxılışındakı “Tarixi günlər” rubrikası 2 avqust – Azərbaycan kinosu gününə həsr olunub.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Turizm agentləri, aviakassalar, hava yolları, şəhərimizdəki hotel, restoran, ticarət və əyləncə mərkəzləri haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.