MƏDƏNİYYƏT
"Baku Guide" bələdçi kataloqunun oktyabr nömrəsi işıq üzü görüb
Bakı, 2 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun oktyabr nömrəsi çapdan çıxıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bələdçi kataloqunun bu nömrəsində 143-cü teatr mövsümünün başlanması ilə bağlı geniş repertuarın təqdimatına, eləcə də paytaxtın mədəni, işgüzar həyatını əhatə edən tədbirlərə, müxtəlif mövzularda yazılara geniş yer verilib. Oktyabrın 25-dən noyabrın 3-dək Bakıda keçiriləcək ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunacaq konsertlərin afişası, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilən məqalə oxucuların ürəyincə olacaq.
Həftəsonu turlarla bağlı məlumat isə həm yerli, həm də əcnəbi turistlərin istirahətlərini maraqlı və yaddaqalan təşkil edə bilmələrinə şərait yaradacaq. Mənalı istirahət və ekoturizm həvəskarları üçün əsrarəngiz məkan olan Göygöl Milli Parkı, ölkəmizin müxtəlif regionlarında təşkil olunan məhsul bayramları (Qubada alma, Göyçayda nar bayramları) haqqında materiallar da bələdçi kataloqunun bu sayında yer alıb.
Kataloqda həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək paytaxtımızda təşkil olunan IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası ilə bağlı təəssürat yazısı verilib. Yazıda ənənəvi beynəlxalq tədbirin əhəmiyyətinə toxunulur, onun kitaba və kitabsevərlərə, nəşriyyat-poliqrafiya sahəsinin inkişafına verəcəyi töhfələr diqqətə çatdırılır.
18 oktyabr - Müstəqillik Günü ilə bağlı məlumat ölkəmizin tarixinə qısa ekskurs etmək istəyənlərə yardımçı olacaq. "Qalaaltı Hotel və Spa" müasir müalicə-istirahət kompleksi haqqında material isə turizm və səyahət həvəskarlarının diqqətini cəlb edəcək.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Kinoafişa bölməsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər və onlar haqqında qısa məlumatlara yer verilib. Gənclər maraqlandıqları əyləncə gecələri və partilər haqqında məlumatları "Events" bölməsindən əldə edə bilərlər. "Azərbaycan mətbəxi" rubrikasında oxucular bu dəfə qutabın hazırlanma qaydası ilə tanış olacaqlar.
Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır.
Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi, müxtəlif çağrı mərkəzləri və s. barədə məlumat almaq mümkündür.