İQTİSADİYYAT
"Bank Respublika" "İnternet şöbə 3.0" xidmətini təqdim edib
Bakı, 16 sentyabr, AZƏRTAC
"Bank Respublika" tamamilə yenilənmiş və innovativ "İnternet şöbə 3.0" (www.bankim.az) xidmətini təqdim edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni bank məhsulunun əsas konsepsiyası ən çox istifadə edilən əməliyyatların onlayn-bankçılıq vasitəsilə sadələşdirilməsindən ibarətdir.
"İnternet Bankın yeni versiyasında başlıca məqsəd müştərilərə internet üzərindən maksimum sayda bank xidmətlərindən faydalanmaq və birbaşa bank ofisinə gəlmək zərurətini minimuma endirməkdir", – deyə bankın idarə heyətinin müavini Elnur Həsənov bildirib.
Çıxarışlar, plastik kartlar, kredit və depozitlərə dair məlumat və müxtəlif ödənişlər kimi əsas imkanlarla yanaşı, yeni versiyada ölkənin bank sektorunda ilk dəfə bir neçə innovativ xidmətlər də yaradılıb. Bunlardan biri kommunal xidmətlərin və kreditlərin avtomatik ödənişlərini quraşdırmağa imkan yaradan avtoödəniş xidmətidir. Xidməti seçdikdən sonra ödənişin günü və məbləğini təyin edən kimi proqram vasitəsilə bu ödəniş qeyd olunan tarixdə həyata keçiriləcək, müştəri isə kommunal ödənişlərə nəzarət etməkdən özünü azad edəcək.
Bank sosial şəbəkələrdən aktiv istifadə edənlər üçün “bankim.az” saytının yeni versiyasında “facebook” üzərindən unikal pulköçürmə xidmətini təklif edir.
Daha bir yenilik "Vektor" ölkədaxili pulköçürmə sisteminin onlayn interfeysidir. İndi "Vektor" bölməsində pulu alan haqqında məlumatları daxil etdikdən sonra əvvəlki köçürmələrdən birini seçərək pulköçürmə əməliyyatını yerinə yetirmək olar.
Yenilənmiş "İnternet şöbə 3.0" xidmətinə qoşulmaq üçün bankın istənilən ofisində internet bankçılıq xidmətlərindən istifadə haqqında razılaşmanı imzalamaq tələb olunur. Daha sonra isə ilk daxilolma zamanı loqin və şifrə seçimi təyin edilir. Bu xidmət tamamilə pulsuzdur.
“İnternet şöbə” sistemi ilə www.bankim.az saytında daha ətraflı tanış olmaq olar.