İQTİSADİYYAT
"Bank Respublika"dan yeni "Avtoödəniş" xidməti
Bakı, 2 oktyabr, AZƏRTAC
"Bank Respublika" yeni "Avtoödəniş" xidmətini təqdim edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər bu xidmətdən istifadə etməklə vaxtlarına qənaət etmiş olacaqlar. Bankda qeydiyyatdan keçib "İnternet Şöbə" xidmətinə qoşulduqdan sonra istifadəçilər onlayn-bankçılıq üzrə bir sıra innovativ xidmətlərdən istifadə edə biləcəklər. Həmin xidmətlərdən biri şablon və avtoödənişlər üçün moduldur. Kommunal ödənişlərə dair məlumatlar daxil edildikdən sonra yeni proqram xidmət üzrə yaranmış borcu istifadəçiyə göstərəcək və "Avtoödəniş" üçün 2 opsiya təklif olunacaq. Birinci opsiyada avtomatik ödəniş müəyyən tarixdə və dəyişməz məbləğdə nəzərdə tutulur (internet, kabel televiziyası, kreditlər və s.). İkinci opsiya dinamik olduğu üçün maksimal ödəniş məbləğinə limitin qoyulmasına imkan verir. Ödəniş isə borc yarandıqca həyata keçiriləcək (elektrik, telefon balansı və s.).