İQTİSADİYYAT
"Bank Standard"ın maliyyə sağlamlaşdırılmasına başlanılıb
Bakı, 4 iyul, AZƏRTAC
"Bank Standard"da yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə məhkəmə qərarı ilə iyulun 4-dək moratorium tətbiq olunub, sosial ödənişlərin icrası üçünsə MBNP-nin müraciəti əsasında Mərkəzi Bank tərəfindən ona likvidlik dəstəyi göstərilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən dövr ərzində bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər nəticəsində iyun ayından xırda əmanətlərin ödənilməsinə başlanıb, "Bank Standard"ın maliyyə dayanıqlılığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanıb.
Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib. Qərara əsasən, "Bank Standard" səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər Türk Bank" ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə, "Azər Türk Bank" ASC tərəfindən avqustun 3-dək "Bank Standard" KB-nin idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.
Bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılıb. Banka vəsaitlər sanator-bank olan "Azər Türk Bank" ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına bir illik kredit xətti formasında ayrılıb. İyulun 4-dən etibarən "Bank Standard" KB-də əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar müvafiq məhdudiyyətlər aradan qaldırılıb və hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər.