İQTİSADİYYAT
"Bank VTB (Azərbaycan)" "Müştəriyə dəstək" proqramını yenilənmiş versiyada müştərilərə təqdim edir
Bakı, 31 may, AZƏRTAC
"Bank VTB (Azərbaycan)" müvəqqəti dayandırılmış "Müştəriyə dəstək" proqramını yenilənmiş versiyada müştərilərə təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, proqramda Maliyyə Bazarlarına Nəzarət Palatasının ölkədə maliyyə sabitliyinin və istehlakçıların hüquqlarının müdafiəsinə istiqamətlənmiş bütün tövsiyələri nəzərə alınıb.
"Müştəriyə dəstək" güzəşt proqramı kredit borclarını ödəməkdə çətinliklə üzləşən müştərilərin kredit yükünün azaldılmasını nəzərdə tutur. Proqrama əsasən, iş yerini və əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 ay müddətinə aylıq ödənişi azaltmaq imkanı verilir. Belə şərtlərdə "Avtokredit" və "Girovlu istehlak krediti" olan müştərilər aylıq ödənişlərinin cəmi 10 faizini, "Nağd kredit" məhsulu üzrə borclu olanlar isə aylıq ödənişlərinin cəmi 15 faizini ödəyəcək. Kreditin məbləğindən asılı olaraq, aylıq ödəniş 15-20 manat təşkil edə bilər. Gəliri azalan müştərilər üçün güzəşt ili ərzində aylıq ödənişin azaldılması nəzərdə tutulub. Dollar krediti olan müştərilərə aylıq ödənişin 50 faizə qədər, manat və rublda kreditləri olanlar üçün 30 faizədək azaldılması təklif edilir. Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilər üçün bank faiz dərəcəsini 25 faiz azaltmağa hazırdır.