İQTİSADİYYAT
"Bank of Baku" reytinqini qoruyub saxlayır
Bakı, 3 avqust, AZƏRTAC
"Bank of Baku"nun “Moody's” beynəlxalq reytinq agentliyi tərəfindən ən son dərc edilmiş reytinqi “B1” səviyyəsində təyin edilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, reytinqin saxlanılmasına əsas səbəblər yüksək xalis faiz gəlirliliyi (ehtiyatlardan əvvəl), yüksək likvidlik, xərclərə nəzarət mexanizmlərinin mövcudluğu, problemli kreditlərin qarşılığında yaradılmış adekvat ehtiyatlar və güclü kapitalın olmasıdır. Bu ilin 6 ayının maliyyə hesabatlarına əsasən, bankın əsas maliyyə göstəriciləri - məcmu kapitalın adekvatlığı əmsalı 17,29 faiz (Mərkəzi Bankın tələbi 12 faiz), məcmu kapital 107 460 570 AZN (Mərkəzi Bankın tələbi 50 000 000 AZN), ayrılmış ehtiyatların problemli kreditlərə nisbəti isə 132,7 faizdir.
Eyni zamanda, cari ilin əvvəlində manatın devalvasiyası və neftin qiymətinin kəskin düşməsi ilə bağlı valyutada kredit götürən müştərilərin ödəniş qabiliyyətində pisləşmə ehtimalını, bunun aktivlərin keyfiyyətinə və bankın gələcəkdəki gəlirliliyinə təsirini nəzərə alaraq reytinq agentliyi "Bank of Baku"nun reytinq proqnozunu stabildən neqativə çevirib. Nəticədə son dərc olunmuş hesabata əsasən, bankın reytinqi “B1” neqativ olaraq təsdiq edilib.