İQTİSADİYYAT


"Bank of Baku"nun faiz gəlirləri 32.20 milyon manat,  faiz xərcləri 14.21 milyon manat olub

Bakı, 28 iyul, AZƏRTAC

"Bank of Baku" cari ilin birinci rübü ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, hesabata əsasən bankın iyunun 30-na faiz gəlirləri 32.20 milyon manat, faiz xərcləri isə 14.21 milyon manat təşkil edib. Nəticə etibarilə bu dövr ərzində bankın xalis faiz gəlirləri 17.99 milyon manat həcmində olub. Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 0.15 milyon manat, qeyri-faiz xərcləri 14.27 milyon manat təşkil edib ki, bu da (mənfi 14.12) milyon manat həcmində xalis qeyri-faiz gəlirlərini formalaşdırıb.

Qeyd edilən rübün yekununa əsasən bankın əməliyyat mənfəəti 3.87 milyon manat, gözlənilməz digər fəaliyyətlərdən ümumi gəliri isə 2.81 milyon manat təşkil edib ki, bu da öz növbəsində mümkün zərərlərin ödənilməsi üçün ayrılan ehtiyatlar nəzərə alınmadan bankın 6.68 milyon manat həcmində mənfəət əldə etdiyini göstərir.

Bank qarşılaşa biləcəyi mümkün zərərlərin ödənilməsi üçün qeyri-işlək kreditlərə qarşı 32.72 milyon manat həcmində ehtiyat vəsait ayırıb. Bankın devalvasiyadan sonra yaranmış ümumi iqtisadi vəziyyətin fonunda geri ödəniş etməkdə çətinlik çəkən müştərilərin qeyri-işlək kreditlərinə qarşı yaratdığı ehtiyatlarının nəticəsində hesabat tarixinə 26.04 milyon manat zərəri olub. Lakin qeyd etdiyimiz kimi, zərər olaraq göstərilən məbləğ bankın ümumi ehtiyatlarına ayırdığı vəsaitin əsasında formalaşıb.

Daim müştərilərinə sərfəli şərtlərlə kreditləşmə imkanı təqdim edən "Bank of Baku" aprel-iyun aylarında müştərilərinə kredit verməkdə davam edib və nəticə etibarilə rüb ərzində kredit portfelini 12.5 milyon manat artıraraq ümumi kredit portfelini 346.02 milyon manatadək çatdırıb.

Qeyd edək ki, bankın depozit portfelində fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin ümumi məbləği rüb ərzində 20.86 milyon manat həcmində artaraq rübün yekununda ümumilikdə 57.64 milyon manat təşkil edib. Dövr ərzində fiziki və hüquqi şəxslər tərəfindən qəbul edilən müddətli depozitlər, həmçinin 12.91 milyon manat artıb və nəticə etibarilə əmanət portfeli 271.05 milyon manatadək yüksəlib.

Pərakəndə bankçılıq sahəsinin uzun illər lideri olaraq tanınan "Bank of Baku" ötən ilin sonlarından etibarən korporativ bankçılıq sahəsində də fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Belə ki, bankın fiziki şəxslərlə yanaşı, korporativ müştərilərinə təqdim etdiyi xidmət və məhsulların çeşidi genişlənərək, bir çox əməliyyatlarında olduğu kimi, plastik kart dövriyyəsinin artmasına da müsbət təsir göstərib. Statistikaya əsasən, son 6 ay ərzində "Bank of Baku"nun bütün növ plastik kartlar üzrə ümumi dövriyyəsi 100 milyon manat həcmini ötüb.

Qeyd olunanlarla yanaşı, bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı rüb ərzində 11 faiz artaraq 194 faizə çatıb.

Hesabatın əhatə etdiyi dövrdə bankın nizamnamə kapitalının artırılması ilə bağlı mühüm qərar verilib. Belə ki, iyunun 23-də keçirilmiş səhmdarlarının ümumi yığıncağında bankın cari nizamnamə kapitalının artırılmasına dair qərar qəbul olunub. Qərarın icrası ilə bağlı fəaliyyətlər bitdikdən sonra "Bank of Baku"nun nizamnamə kapitalında böyük həcmdə artımın olacağı gözlənilir.

"Bank of Baku" növbəti dövrlərdə də maliyyə stabilliyinin qorunub saxlanılması və daha da gücləndirilməsi niyyətindədir.

Daha ətraflı məlumatı 145 məlumat mərkəzindən, www.bankofbaku.com, www.facebook.com/bankofbaku saytlarından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.