İQTİSADİYYAT


"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sahibkar  məmnunluğuna səbəb olur

Bakı, 21 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə müraciət edən ixracatçılar üçün bütün müvafiq şərait yaradılıb. Sahibkarlar ixrac etdikləri məhsullara baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatları "Bir Pəncərə"dən alırlar. Eyni zamanda, mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədəbiyyatın ixracına razılığı da buradan almaq olar. Sahibkarlar həmçinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindən müxtəlif sahələrdə məsləhətlər alır, "Azexport" portalı üzərindən ixrac imkanlarını genişləndirir və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətlərindən də yararlanırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzdən verilən məlumatda bildirilir.

Azərbaycan sahibkarı Sahib Zərbəliyev "Bir Pəncərə"nin xidmətindən ixrac üçün lazımı sənədləri aldıqdan sonra Mərkəzin fəaliyyəti ilə bağlı məmnunluğunu bildirib: ""Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sözün əsl mənasında bizlər üçün böyük bir dəstək olaraq ixrac prosesini xeyli asanlaşdırıb. Mərkəz vasitəsilə sənədləri almaq üçün sərf etdiyimiz vaxta qənaət edərək daha məhsuldar fəaliyyətə nail ola bilərik. Məsələn, mən ixrac üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindəki nümayəndəsinə müraciət edib lazımi sənədləri qısa zamanda rahatlıqla topladım".

Qeyd edək ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.