İQTİSADİYYAT


"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracatçılarla görüşlərə başlanılıb

Bakı, 9 iyun, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində Azərbaycanda fəaliyyət göstərən ixracatçıların tanışlığına start verilib. İxraca Dəstək Mərkəzində görüşlərin keçirilməsində məqsəd "Bir Pəncərə"nin xidmətləri barədə ixracatçıları məlumatlandırmaq, həmçinin ixrac prosedurlarının sadələşdirilməsi sahəsində aparılan islahatlarla sahibkarları tanış etməkdən ibarətdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR-meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib ki, ixracatçılar daha az resurs sərf etməklə ixrac prosedurlarını daha tez və asan həll edəcəklər. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədəbiyyatın ixracına razılığı da buradan almaq olar.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət göstərən beş dövlət qurumunun nümayəndələri ixracata tələb olunan sənədləşmə işləri ilə bağlı müvafiq təqdimatlar təqdim ediblər. Eyni zamanda, ixrac rəsmiləşdirilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin online xidmətləri də sahibkarlara nümayiş olunub.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi Bakı şəhəri, Landau küçəsi 16 ünvanında – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 1-ci mərtəbəsində yerləşir. İxrac fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər "Bir Pəncərə"nin xidmətlərindən heç bir rüsum ödəmədən faydalana bilərlər.

Qeyd edək ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.