İQTİSADİYYAT


"Bir pəncərə" İxraca Dəstək Mərkəzinin yaradılması ixracın stimullaşdırılmasında çox böyük rol oynayacaq

Bakı, 25 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin yaradılması Azərbaycanda ixracın stimullaşdırılmasında çox böyük rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikir mayın 25-də “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin təqdimat mərasimində səsləndirilib.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı mərkəz haqqında məlumat verib. Bildirib ki, “Azexport” portalının nəzdində fəaliyyət göstərəcək “Bir pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verəcək. Daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin imkanlarından yararlanacaqlar. Biz nəinki regionda, dünyada ilk ölkələrdən biriyik ki, ixracın vahid pəncərəsini yaradır və bu, onlayn rejimdə fəaliyyət göstərir. Bu, sahibkarlar üçün unikal bir imkandır.

“Hazırda mərkəzə inteqrasiya olunan dövlət orqanlarının nümayəndələri xidmət mərkəzində fəaliyyət göstərərək informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. Mərkəz bir sıra sertifikatların verilməsini nəzərdə tutur: ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatı, malın mənşə ölkəsini təsdiq edən sertifikat, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə (sertifikatın), mədəni sərvətlərin ixracı üçün mühafizə şəhadətnaməsi, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq”, - deyə icraçı direktor qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov bildirib ki, ixrac sahəsində görülən işlərin ümumi strategiyanın tərkib hissəsi olaraq ilkin mərhələdə vahid ixrac portalının yaradılması vəzifəsi qarşıya qoyulmuşdu ki, Azərbaycanda ixracatçıların, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin beynəlxalq ticarət əlaqələrinə rahat inteqrasiyasını təmin etmək üçün vahid ixrac portalı yaradılmalıdır. Bu, çox uğurlu bir təcrübə oldu. 400-dən artıq şirkət 2 mindən çox məhsul bu portal inteqrasiya edildi və bunun nəticəsində dünyanın 40-dan artıq ölkəsindən 110 milyon dollardan çox ixrac sifarişləri alındı. Bu ixrac portalının yaradılması sadəcə ixracın təşviqi mahiyyətini kəsb etmədi, eyni zamanda, ixrac bazarlarının araşdırılması üçün çox güclü bir marketinq alətinə çevrildi.

Hesab edirəm ki, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin yaradılması Azərbaycanda ixracın stimullaşdırılmasında çox böyük rol oynayacaq.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib ki, qeyri-neft ixracının genişləndirilməsi ümumilikdə ixracın şaxələndirilməsi baxımından bu gün təqdim olunan imkanlar yeni bir stimul yaradır. “Düşünürəm ki, sahibkarlarımız üçün bu imkanlardan yararlanmaq çox mənfəətli olacaq. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən ixracın genişləndirilməsi, qeyri-neft ixracının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində həm ixracla bağlı prosedurların sayının azaldılması, həm ixracın stimullaşdırılması tədbirləri, eyni zamanda, ixracla bağlı müxtəlif alətlər vasitəsilə sahibkarlara yeni imkanlar yaratmağa çalışırıq. “Made in Azerbaijan” brendinin dünyada tanıdılması, ixrac missiyalarının və vahid ölkə stendlərinin təşkili, xaricdə patent və sertifikatların alınması ilə bağlı dəstək və digər mexanizmlər həyata keçirilməyə başlanıb. Qısa müddətdə 8 ixrac missiyası keçirilib, 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə Azərbaycan sahibkarları iştirak edib. Bu missiyalar zamanı məhsullarımız xarici bazarlara çıxarılıb, müqavilələr imzalanıb”, - deyə nazir müavini bildirib.

“Bir pəncərə” İxraca Dəstək Mərkəzinin yaradılması ixracatçılarımızın işinin daha da asanlaşmasına imkan yaradacaq. İş adamları, sahibkarlar bu portaldan gələcəkdə geniş istifadə edəcək, eyni zamanda, Dövlət Gömrük Komitəsinin qurumları da bu portal vasitəsilə daxil olan elektron bəyannamələrin qısa müddətdə realizə olunub rəsmiləşdirilməsini həyata keçirib inteqrasiya şəklində qarşılıqlı fəaliyyət göstərəcək”, - deyə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev qeyd edib.

Bu cür layihələrin icra olunmasının Elektron hökumətin formalaşdırılması ilə yanaşı, ölkəmizin modern inkişaf istiqamətində verilmiş bir töhfə olacağını deyən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov diqqətə çatdırıb ki, belə layihələrin icra edilməsi son nəticədə ölkəmizdə əlverişli sahibkarlıq mühitinin formalaşdırılmasının bir göstəricisi kimi qəbul oluna bilər. İnanıram ki, bu layihə aqrar sektorda ixracın əhəmiyyətli dərəcədə artımına töhfə verəcək.

“Son dövrlər aqrar sahədə ixracın həcmi əhəmiyyətli dərəcədə artıb. Cari ilin 4 ayında 36 faizdən çox artım var. Bu, hələ son deyil. Böyükhəcmli potensial var. Çünki Azərbaycanın təbii iqlim şəraiti, ölkədə istehsal olunan məhsulların müqayisəli üstünlüklərinin yüksək səviyyədə olması bütövlükdə bu potensialın qısa zaman kəsiyində formalaşdırılmasına əlverişli zəmin yaradır”, - deyə S.Talıbov vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, Azərbaycanda mədəniyyət sahəsinin idxal-ixrac məsələləri ilə bağlı Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Azərbaycan Milli Kitabxanasında və Azərbaycan Xalça Muzeyində 4 komissiya fəaliyyət göstərir. Komissiya üzvləri ilə keçirdiyimiz iclasda onlara tapşırıq verilib ki, elektron qaydada şəhadətnamələrin hazırlanması ilə bağlı təkliflərini versinlər. Bu iş artıq gedir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, SİTES Konvensiyası 1973-cü ildə Vaşinqtonda imzalanıb və 1975-ci ildən qüvvəyə minib. Azərbaycan 1998-ci ildən bu konvensiyaya qoşulub. Konvensiyanın əsas məqsədi nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin ticarətini tənzimləmək, qanunsuz ticarət və ovunun qarşısını almaqdır.

SİTES əlavələrinin və daxil edilmiş xüsusi mühafizə rejimində olan fauna və flora növlərinin ticarəti yalnız elmi orqanın rəyi nəzərə alınmaqla inzibati orqanın təqdim etdiyi icazə sertifikatı ilə mümkündür. Bugünədək bu sertifikatlar nazirlik tərəfindən verilirdi. Artıq vahid pəncərə sisteminin tətbiq edilməsilə bu prosesi onlayn qaydada həyata keçirmək mümkün olacaq. Bu da ölkəmizdə idxalın həyata keçirilmə prosesini daha da rahatlaşdıracaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin açılması təqdirəlayiq haldır. Zaman keçdikcə nə qədər faydalı və vacib mərkəz olduğunun şahidi olacağıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün bu mərkəzin açılması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə dövlət-din münasibətlərinin, dini tolerantlığın, multikulturalizmin nümunəvi bir modeli formalaşıb. Bu istiqamətdə də silsilə tədbirlər keçirilir. Bu mərkəz ölkənin dövlət-din münasibətlərinin modelinə, dini tolerantlığa aid yeni-yeni ədəbiyyatların istehsalı və ixracı üçün gözəl imkanlar açır. Bu da bizim komitənin yeni bir fəaliyyət istiqamətidir. Komitə mərkəzin imkanlarından faydalanaraq, qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində istifadə edəcək.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen qeyd edib ki, IFC Dünya Bankının özəl sektora dəstək göstərən qoludur. Bütün ölkələrdə fəaliyyətimizdə də görürük ki, istənilən ölkənin inkişafında əsas aparıcı vasitə özəl sektordur. Azərbaycan yoxsulluğun azaldılmasında, əldə edilən gəlirlərin əhali arasında bölüşdürülməsində uğurlar qazanıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi önəmli məsələdir. Azərbaycanın beynəlxalq ticarət baxımından zəngin tarixi var. Bu mərkəzin açılmasını Azərbaycanda icra olunan islahatlar silsiləsində ən önəmli addımlardan hesab edirik.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib ki, qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, onun ixrac imkanlarını genişləndirmək və rəqabətqabiliyyətini daha da artırmaqla bərabər, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq sahəsində uğurlu addımlar atılır. Hesab edirəm ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi ölkəmizin aparıcı mövqeyini bu əsasda daha da gücləndirmək istiqamətində böyük bir uğurdur.

Tədbirin sonunda “Bir pəncərə” İxraca Dəstək Mərkəzi icraçı şirkət tərəfindən iştirakçılara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.