İQTİSADİYYAT
"BoB Akademiya" təlim mərkəzi istifadəyə verilib
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanın bank sektorunun akademiyası olaraq tanınan "Bank of Baku" bankın İdarə Heyəti üzvlərinin, departament və filial direktorlarının iştirakı ilə iyunun 3-də "Veraj Avenue Biznes Mərkəzi"ndə "BoB Akademiya" adlı yeni təlim mərkəzinin açılışını edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə peşəkar bank mütəxəssislərinin hazırlanmasında və inkişafında "BoB Akademiya"nın əhəmiyyətindən danışan Bankın İdarə Heyətinin sədri Eldar Həmidov deyib ki, "BoB Akademiya" "Bank of Baku"nun korporativ təlim və inkişaf strategiyasının icrasında, əməkdaşların karyera hədəflərinə çatmasında çox mühüm rola malik olacaq. Əminəm ki, bu mərkəzin açılışı bankımızın gələcəkdə daha böyük uğurlar əldə etməsinə, korporativ biznes əlaqələrinin genişləndirilməsinə, bankdaxili komanda ruhunun artırılmasına zəmin yaradacaq.
"BoB Akademiya" həm bankdaxili, həm də bankxarici tədbir və görüşlərin keçirilməsi üçün unikal məkan rolunu oynayacaq. Burada, eyni zamanda müxtəlif sahələr üzrə bankın və korporativ müştərilərin əməkdaşları, həmçinin tələbələr üçün peşəkar təlimlərin də keçirilməsi nəzərdə tutulub.