İQTİSADİYYAT
"CAREC 2030" strateji sənədi hazırlanacaq
Bakı, 23 iyun, AZƏRTAC
"CAREC 2030" strateji sənədi hazırlanacaq.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Qazaxıstanın paytaxtı Astanada Asiya İnkişaf Bankı (AİB), Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) və Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə "CAREC 2030 - strateji hədəflər: Mərkəzi Asiya iqtisadiyyatlarının birgə çiçəklənməsi" mövzusunda müzakirələr aparılıb.
"Astana İqtisadi Forumu 2017" çərçivəsində "Yeni Enerji – Yeni İqtisadiyyat" mövzusunda keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev də iştirak edib.
Tədbirin məqsədi 2016-cı ilin oktyabrında Pakistanın paytaxtı İslamabadda keçirilmiş Nazirlər Konfransında qəbul edilən qərara əsasən yeni "CAREC 2030" Strategiyasının mövcud dəyişkən iqtisadi şəraitə uyğun qiymətləndirilməsi və təhlilidir.
Son illər dünyada və regionda iqtisadi vəziyyətin dəyişməsini, buna uyğun olaraq bir sıra ölkələrdə iqtisadi islahatların aparılmasını, ölkələrin xarici ticarət rejimində yeniliklərin baş verməsini, ümumilikdə, yeni iqtisadi çərçivə və çoxtərəfli təşəbbüslərin yaradıldığını nəzərə alaraq, CAREC proqramının yeni strategiyasının hazırlanmasına ehtiyac yaranıb. Hazırlanacaq "CAREC 2030" strateji sənədi hazırkı hədəflərlə yanaşı, yeni inkişaf məqsədlərini və fəaliyyət sahələrini də özündə əks etdirəcək.
Xatırladaq ki, CAREC Proqramı ölkələr arasında regional əməkdaşlığın dəstəklənməsi yolu ilə üzv ölkələrdə iqtisadi artımın və həyat tərzinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə 2001-ci ildə təsis edilib.
Hazırda Proqrama Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan olmaqla 11 ölkə daxildir. Ölkəmiz isə bu proqrama 2003-cü ildən qoşulub.
2001-2016-cı illərdə Proqrama Asiya İnkişaf Bankı ilə yanaşı, daha 5 tərəfdaş – Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Fondu, İslam İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Dünya Bankı üzv dövlətlərlə birgə təqribən 30 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Sözügedən vəsait enerji, nəqliyyat, ticarətin leqallaşdırılması və ticarət siyasəti kimi 4 strateji istiqamətə yatırılıb. Asiya İnkişaf Bankı CAREC-in Katibliyi qismində çıxış edir.