ELM VƏ TƏHSİL
"ClimateLaunchpad-2017" müsabiqəsinin iştirakçıları ölkə finalına hazırlaşırlar
Bakı, 10 iyul, AƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə keçirilən “yaşıl” biznes ideya müsabiqəsi "ClimateLaunchpad-2017"nin finalı avqustun 5-də keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə həftənin bazar günləri komandalar üçün təlimlər keçirilir. Startapların inkişafı üçün təşkil edilən intensiv təlimlər ölkə finalına qədər davam edəcək. Hazırlıqlar zamanı komandalar yerli ekspertlər tərəfindən "ClimateLaunchpad"in müəyyən etdiyi vacib biznes konseptləri üzərində təcrübə keçirlər.
Bu il ilk dəfə "ClimateLaunchpad" proqramının iştirakçı ölkələri sırasına daxil olan Azərbaycanı müsabiqədə 14 komanda öz layihəsi ilə təmsil edir. Dünyada artıq 4-cü dəfə keçirilən "Climate Launchpad-2017"nin ölkəmizdəki rəsmi tərəfdaşı “Sosial Innovation Lab”dır. Proqramın ölkəmizdə həyata keçirilməsində ən böyük dəstəyi AMEA YTP göstərir.
AMEA YTP yarandığı dövrdən dünyada mövcud innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə dəstək verir. Azərbaycanda "startup" ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırırlar. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Aİ-nin İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən yarışmada bu il dünyanın 37 ölkəsi iştirak edir.
Ölkə finalında komandalar "ClimateLaunchpad-2017"nin də təmsilçisinin iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq uğrunda mübarizə aparacaqlar. Ölkə finalında ilk 3 yeri qazanan komandalar bu il oktyabrın 17-18-də Kiprın Limasol şəhərində keçiriləcək dünya finalında iştirak etmək hüququ qazanacaq. Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcək. Azərbaycanı 14 startap komandasından finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edəcək. Dünya finalında birinci yerin sahibi 10 min, ikinci yerin sahibi 5 min, üçüncü yerin sahibi isə 2 min 500 avro pul mükafatı ilə təltif olunacaq. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul ediləcək. Proqramda hər bir layihəyə üç mərhələdə 95 avro maliyyə dəstəyi verilir.
İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq platforma “Climate-KIC” proqramı 2010-cu ildə Aİ-nin İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb.