DÜNYA
"Commerzbank" 5 min işçisini ixtisar etməyi planlaşdırır
Bakı, 23 sentyabr, AZƏRTAC
Almaniyanın "Commerzbank"ın kreditlərə olan tələbatın zəifliyi və faiz dərəcələrinin aşağı olması fonunda xərclərin azaldılması üzrə strategiyası çərçivəsində minlərlə iş yerinin azaldılmasını planlaşdırır.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, digər mənbənin məlumatına görə, bankda hər 10 əməkdaşdan biri ixtisara düşə bilər ki, bu da 5 min nəfərə qədər işçinin ixtisara düşəcəyi deməkdir. Almaniyanın ikinci ən böyük bankında hazırda təxminən 50 min nəfər işləyir. "Commerzbank"ın yeni baş direktoru Martin Zelkenin gələn həftə bankın Müşahidə Şurasının iclasında "Commerzbank"ın yeni inkişaf strategiyasını təqdim edəcəyi gözlənilir.
"Commerzbank" əvvəllər xalis mənfəət üzrə bu il planlaşdırılan göstəricini əldə edə bilməyəcəyini elan etmişdi. Çünki ikinci rübdə bankın xalis mənfəəti və mədaxili aşağı faiz dərəcələrinin və müştərilərin fəallığının zəif olması fonunda azalıb.
Qeyd edək ki, Almaniyanın digər iri bankı olan "Deutsche Bank" 100 min əməkdaşı arasında təxminən 9 min iş yeri ixtisar etməyi planlaşdırır.