İQTİSADİYYAT
"Davamlı Müəssisənin İnkişaf Proqramı" yekunlaşıb
Bakı, 12 fevral, AZƏRTAC
"PAŞA Bank", "Junior Achievement Azərbaycan" İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdikləri "Davamlı Müəssisənin İnkişaf Proqramı" yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, proqramin yekun mərhələsinə həsr olunmuş "Biznes Günü" keçirilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu layihə Azərbaycan üçün çox aktual bir zamanda həyata keçirilir. Ölkədə yeni iqtisadi islahatlar aparılır. “Düşünürəm ki, hər bir dövlət qurumu, ictimai təşkilat, özəl sektorun təmsilçiləri bu və ya digər şəkildə bu proseslərdə fəal iştirak etməlidirlər. Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz gənclər arasında sahibkarlıq ideyalarının təşviq edilməsidir. Gənclər və İdman Nazirliyi gənclər təşkilatları tərəfindən gənc sahibkarlığa dəstəyə yönəlmiş layihələrə kömək etmək niyyətindədir. "Youth Inc." biznes inkubasiya proqramının həyata keçirilməsi vasitəsilə təxminən 5 minə yaxın gənc üçün təlimlər keçirilib. Hazırda bir neçə layihə startap olaraq biznes inkubator formatında fəaliyyət göstərir”, - deyə nazir müavini bildirib.
"PAŞA Bank"ın idarə heyətinin üzvü Şirin Əliyeva təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, "PAŞA Bank" hazırda maliyyə bazarında tutduğu yerə görə bir neçə korporativ və sosial məsuliyyət proqramları həyata keçirir. Bu proqramlar çərçivəsində sahibkarlara, gənclərə, tələbələrə maliyyə xidmətləri sahəsində savadlarının artırılması üzrə dəstək layihələri həyata keçirilir.
"Azercell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin direktoru İmran Bağırov və "Azərbaycan Gənclərinin Nailiyyəti" İctimai Birliyinin sədri Bəxtiyar Axundov çıxışlarında gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının, sahibkarlıqla məşğul olmaq istəyən gənclərə yardım edilməsinin, müxtəlif maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə gənc sahibkarlar öz biznes ideyalarını plan şəklində təqdim ediblər. Münsiflər heyətinə təklif olunan ideyaların həyata keçirilə bilmə dərəcəsi, rəqabətə davamlılığı, yenilik və biznes fəaliyyətinin inkişaf planına əsaslanaraq qiymətləndirilib və qaliblər elan olunub.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında başlayan "Davamlı Müəssisənin İnkişaf Proqramı" fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanır. "Azərbaycan Gənclərinin Nailiyyəti" İctimai Birliyi proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək onlar üçün sahibkarlıq, maliyyə savadı, biznes etika, biznesdə İT-dən istifadə, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi biznes görüşlər təşkil edib. Biznes görüşlər zamanı proqramın iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edib, məhsullarının satışı və çatdırılma yollarını araşdırıb, istehlak bazarının tələblərini öyrənib və kommersiya fəaliyyətində tətbiq olunan yenilikləri tədqiq ediblər.