MƏDƏNİYYƏT
"EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfrans başa çatıb
Bakı, 3 avqust, AZƏRTAC
İtaliyanın Milan şəhərində "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransa yekun vurulub.
Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfransda dünyanın 70-dən çox ölkəsindən mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak ediblər.
Konfrans "Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir" devizi altında keçirilib. İki gün davam edən konfransda 35-dən çox nazir çıxış edib, mövzu üzrə maraqlı fikirlər səsləndirib.
Sonda konfransı yekun nitqi ilə başa vuran İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini iştirak edən hər kəsə təşəkkürünü bildirib və UNESCO-nun baş direktoru İrina Bokovadan tədbirin davamlı keçirilməsinə dəstək verməsini təklif edib.
Bildirilib ki, konfransın devizi iki gün ərzində dinlənilən məruzələrdə da öz təsdiqini tapıb.
Qeyd edək ki, tədbir çərçivəsində mədəni proqramlar da təşkil edilib. Tədbirin birinci günü İtaliyanın məşhur "Fondazione Prada" qalereyasında sərgilər nümayiş olunub, dünyanın tanınmış opera teatrı La Skalada tanınmış italyan bəstəkarı Gioachino Antonio Rossininin "II Barebiere di Siviglia" tamaşası göstərilib.
Tədbirin növbəti günü isə Leonardo da Vinçinin "Last Supper" ("Sonuncu Şam Yeməyi") əsərinin saxlandığı Santa Mariya della Qrasiya monastırına tur təşkil olunub.