İQTİSADİYYAT
"E-hökumət" portalı üzərindən 20-dən artıq xidmət inteqrasiya olunacaq
Bakı, 30 iyun, AZƏRTAC
"Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna "Elektron hökumət" portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi" xidmətinin vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilib və bu xidmət tam şəkildə elektronlaşdırılaraq istifadəyə verilib. Bundan əlavə, 22 xidmət elektronlaşdırılıb və tezliklə "E-hökumət" portalı üzərindən vətəndaşların istifadəsinə veriləcək.
Bu barədə AZƏRTAC-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, hazırda data.gov.az "Açıq Hökumət Məlumatları" portalı vasitəsilə müxtəlif dövlət qurumları üzrə 21 adda məlumat bazaları açıqdır. Portaldakı e-xidmətlərdən istifadə sayı artıb. İyunun 1-nə olan məlumata görə, portalın istifadəçilərinin sayı 1,9 milyon nəfərə çatıb və onlar 11,6 milyon dəfə e-xidmətlərdən istifadə ediblər.