İQTİSADİYYAT
"Ekol Mühəndislik Xidmətləri" QSC-də əməyin mühafizəsi diqqət mərkəzində saxlanılır
Bakı, 29 aprel, AZƏRTAC
"Ekol Mühəndislik Xidmətləri" QSC-də “Əməyin Mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” devizi altında Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunan tədbir keçirilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, tədbirdə QSC-nin rəhbər heyəti eləcə də digər struktur və bölmələrin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, 1919-cu ildən fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatı (BƏT) bütün dünyada əməyin mühafizəsinin aktuallığını nəzərə alaraq, bəşəriyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələlərinə yönəltmək məqsədi ilə, 28 apreli Ümumdünya Əməyin Mühafizəsi günü elan edib və həmin ildən dünyanın bir çox ölkələrində qeyd olunmasına başlanılıb.
2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi günü dövlət səviyyəsində qeyd olunur. Hər il bir mövzuya həsr olunmuş bu günü 2017-ci ildə “Əməyin Mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” devizi altında keçirilməsinə qərar verilib.
Çıxışlarda Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmiş təşkilatı, texniki və sanitar-profilaktiki işlər haqqında geniş məlumat verilib, bu məsələnin daim diqqət mərkəzində olduğu xüsusilə vurğulanıb.
Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın gördüyü işlərdən danışıb, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.
Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində göstərdikləri yüksək peşəkarlığa görə QSC-nin bəzi işçiləri təltif olunublar.