İQTİSADİYYAT
"Fiç Reytingz" Azərbaycan Respublikasının "sabit" investisiya səviyyəli beynəlxalq kredit reytinqini bir daha təsdiq edib
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb.
Bu barədə AZƏRTAC-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın investisiya səviyyəli reytinqi ölkənin aşağı suveren borcu, 2006-cı ildən yüksək xammal qiymətləri və cari hesabın müsbət saldosu nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivlərini əks etdirir. Reytinq üzrə proqnozu sabit saxlayan agentlik bu qənaətdədir ki, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alacaq.
Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda “Fiç Reytingz” tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BBB-” investisiya səviyyəsində bir daha təsdiq olunması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.