MƏDƏNİYYƏT
"FireFlies" tərəfdaşlarını mükafatlandırıb
Bakı, 6 iyul, AZƏRTAC
İsveçrənin məşhur "Swiss Halley AG" şirkəti onlayn turizm ekspertlərini bu dəfə Budapeştə toplayıb. Şirkət dünyanın müxtəlif ölkələrindən olan ekspertləri "FireFlies" turistik klubu adı altında bir araya gətirib.
"Budapest Congress Center"də dünya turizm bazarının hazırkı durumu, onlayn turizmin üstünlükləri və şirkətin həyata keçirdiyi yeniliklər müzakirə olunub. Həmçinin "FireFlies"ın gələcək planları və qarşıya qoyulan məqsədlər haqda məlumat verilib. Konfransda şirkətin direktorları, səhmdarları, o cümlədən mart ayında Bakıda səfərdə olan Jozef Bartuşka və başqaları çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, ölkəmizi Macarıstan paytaxtında 16 nəfərlik nümayəndə heyəti təmsil edib. Klubun Azərbaycandakı aktiv üzvlərinə "FireFlies" tərəfindən Mərakeş səyahəti və digər hədiyyələr təqdim olunub. Azərbaycanlı nümayəndə heyəti üçün şəhər gəzintisi də təşkil edilib. Daha sonra ekspertlərimiz Macarıstanın, Avstriya, İtaliya və İspaniyanın müxtəlif görməli yerlərində olublar.
Qeyd edək ki, "FireFlies" turistik klubu ötən ilin iyulunda İsveçrənin Pfeffikon şəhərində yaranıb. Hazırda dünyada "FireFlies" ailəsinin 20 mindən artıq üzvü var.