ELM VƏ TƏHSİL
"Füyuzat" jurnalı ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar
Bakı, 27 aprel, X.Cəfərova, AZƏRTAC
"Füyuzat" jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyi ilə əlaqədar Bakı Dövlət Universiteti (BDU) tərəfindən "Vətənin vətəndaşı, bir işıq da sən yandır" mövzusunda müsabiqə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, jurnalın təsisçisi - Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) dəstəyi keçirilən müsabiqəyə BDU-nun jurnalistika və filologiya fakültələrinin 26 tələbəsi qatılıb.
Aprelin 27-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov "Füyuzat" jurnalının Azərbaycanın fikir tarixindəki rolundan danışıb.
Qeyd olunub ki, Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının mətbuat tariximizdə özünəməxsus yeri var. Ətrafında dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır.
Rektor jurnalın fəaliyyətinin MİMTA Fondu tərəfindən 2007-ci ildə bərpa edildiyini, akademik Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap olunduğunu diqqətə çatdırıb. Akademik müasir “Füyuzat”ın milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzularda yazıları ilə çağdaş mətbuatımızda rolunu yüksək dəyərləndirib.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Əməkdar İncəsənət Xadimi Şəfəq Sultan Əlixanlı və digər çıxış edənlər müsabiqənin keçiriliməsinin əhəmiyyətindən bəhs edib, bu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rolundan danışıblar.
Tələbələr "Füyuzat" jurnalından yazıları bədii qiraət edib, musiqi nömrələri, səhnəciklər təqdim ediblər.
Sonda qaliblər mükafatlandırılıblar.