REGİONLAR
"Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" layihəsi uğurla icra olunub
Gəncə, 26 iyul, AZƏRTAC
“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı “ layihəsi çərçivəsində Odlar Yurdu Gənclər İctimai Birliyinin (GİB) icra etdiyi "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" adlı layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Prezident yanında Gənclər Fondunun dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən layihədə respublikanın müxtəlif bölgələrindən (Bakı, Sumqayıt, Lənkəran, Astara, Mingəçevir, Saatlı) gənclər iştirak ediblər.
Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyəti izah edilib, dünyada sülhün və sabitliyin qorunmasında, etnoslar və dinlər arasında qarşılıqlı etimad mühitinin yaradılmasında Azərbaycanın nümunəvi tolerant ölkə kimi oynadığı rol, həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib.
Layihə iştirakçıları qədim Gəncə ilə tanış olub, İmamzadə dini kompleksini ziyarət edib, muzeylərə və tarixi məkanlara səfər ediblər.
Daha sonra gənclər seminarlarda iştirak edib, multikultural dəyərlərə həsr olunan çalışmalar icra ediblər.
Layihə çərçivəsində gənclər mövzu üzrə mühazirələr dinləyiblər.
Sonda "Odlar Yurdu" GİB-in sədri, layihə rəhbəri Nigar Ələsgərova bildirib ki, başlıca məqsədi multikulturalizmin Azərbaycan modelinin gənclərə öyrədilməsi, həmçinin gəncləri bu mövzuda maarifləndirmək və dünyagörüşlərinin artmasına xidmət etmək, onlara vətənpərvərlik, tolerantlıq, humanizm, kimi ali dəyərləri aşılamaq olan layihə uğurla icra olunub və gənclərdə böyük maraq doğurub.