REGİONLAR
"Gəncə məhəllələri" kitabı çap olunub
Gəncə, 24 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncə məhəllə-məhəllə qurulub. Şəhər tinləri, dalanları ilə tanınıb. Gəncəlilərin dilində heç vaxt küçə anlayışı olmayıb. Hər məhəllənin öz tarixi, hər basalağın fərqli tikilişi olub. Məhəllələr yan-yana, basalaqlar iç-içə salınıb. Şəhərin məhəllələrini məscidlər, imarətlər, bir-birindən yaraşıqlı mülklər bəzəyib. İnsanları da ya sənətinə, peşəsinə, ya da mənsub olduqları tayfalara görə tanıyıblar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA Gəncə bölməsinin elmi işçisi, yeni çapdan çıxan “Gəncə məhəllələri” kitabının müəllifi Namlet Allahverdiyev söyləyib.
O deyib: “Məşğuliyyəti eyni olan insanlar bir-birinin yanında yurd tikib, məhəllə salıblar. Sofulu, Bağbanlar, Səbzavad, Sarvanlar, Qazaxlar, Tatlar, Cuhudlar, Zərrabi, Əttarlar... Gəncə belə salınıb, şəhər bu cür böyüyüb. Əsrlər ötüb, qərinələr dəyişib. O vaxtlardan bu yana şəhər simasını çox dəyişib. Gəncə yadelli basqınından, düşmən hücumundan nə qədər zərər görsə də, yenə də yan-yana düzülən Xan çinarları, qırmızı kərpicli məscidləri, mədrəsələri, karvansaraları, hamamları, dükanları, imarətləri, mülkləri ilə minillərdən boylanan tarixini özündə saxlayıb”.
Namlet Allahverdiyev bildirib ki, Gəncə məhəllələrinin tarixindən bəhs edən monoqrafiya əsasən tarixi-etnoqrafik əsərdir. İrihəcmli, elmi-tədqiqat xarakterli əsər üçün illərlə material toplanılıb. Yığılan materialların sistemləşdirilməsinə və yazılmasına isə altı il vaxt sərf olunub. Əsərdə etnoqrafik məlumatlarla yanaşı, bir sıra arxiv sənədlərindən, çoxsaylı elmi mənbələrdən və məhəllə sakinlərinin şəxsi arxivində saxlanılan sənədlərdən, fotolardan istifadə edilib.
Müəllif qeyd edib ki, yeni nəşr olunan kitabda Gəncə şəhərinin 116 məhəlləsinin tarixi olduqca qiymətli tarixi faktlarla, zəngin elmi materiallarla oxucuya təqdim olunub.
Qeyd edək ki, monoqrafiyada yalnız Gəncə şəhərinin məhəllələrinin salınma tarixindən deyil, eyni zamanda, həmin məhəllələrin ən mühüm tikililəri, yerli və ölkə əhəmiyyətli tarixi abidələri, həmçinin vaxtilə məhəllələrdə yaşayan, yazıb-yaradan, fəaliyyət göstərən bir sıra görkəmli şəxsiyyətlər, qəhrəmanlar, elm və mədəniyyət xadimləri, incəsənət ustaları haqqında da məlumat verilib.