DÜNYA
"Google” Şri-Lanka sakinlərini yüksəksürətli internet çıxışı ilə təmin edəcək
Bakı, 31 iyul, AZƏRTAC
“Google” şirkəti Şri-Lanka sakinlərini yüksəksürətli internet çıxışı ilə təmin edəcək. Şəbəkəyə giriş Hind okeanı üzərində buraxılan hava şarları ilə həyata keçiriləcək.
“Bütün Şri-Lanka adası cənubdan şimala doğru "Google Loon” metodikasının köməyi ilə yüksəksürətli internetlə təmin ediləcək. Bununla Şri-Lanka Cənubi Asiyanın internetlə tam əhatə edilən ilk ölkəsi olacaq”, - deyə Şri-Lankanın yüksək texnologiyalar naziri Manqala Samereveera bildirib.
AZƏRTAC "lenta.ru" saytına istinadla xəbər verir ki, hava şarlarına yerli internet provayderləri də qoşulacaq və bu onlar tərəfindən təqdim edilən rabitə xidmətlərinin sürətini və keyfiyyətini artıracaq. Yüksək sürətli interneti çatdıracaq aerostatlar 2016-cı ilin martında hazır olacaq.
Şri-Lanka sakinlərinin internet çıxışı ilə təmin edilməsi "Project Loon” proqramının tərkib hissəsidir. Proqram çərçivəsində “Google” günəş batareyalarından qidalanan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimidir.
“Project Loon” layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şar buraxıb.
Şri-Lanka əhalisinin sayı 20 milyon nəfər təşkil edir. Mobil şəbəkələr vasitəsilə internetə 2,8 milyon istifadəçi daxil olduğu halda ölkə əhalisinin yalnız 606 mini optik-lif qoşulmaları ilə internetdən yararlana bilir.