İQTİSADİYYAT
"İxrac İcmalı": Azərbaycandan əsasən nə ixrac olunur?
Bakı, 19 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın iyun ayı üçün sayı təqdim olunub.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, icmalın bu sayında may ayında qeyri-neft sektoru üzrə 445 şirkət tərəfindən 149 milyon ABŞ dolları həcmində ixrac əməliyyatlarının həyata keçirildiyi qeyd olunub. May ayı üzrə ixrac olunan əsas mallar pomidor, kartof, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 millimetrdən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, qızıl, emal olunmamış aşqarlanmamış alüminium, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı, mis filizləri və konsentratları, günəbaxan və ya saflor yağı, alma, soğan və s. dir.
Beş ay ərzində qeyri-neft sektoru üzrə ixrac 557 milyon ABŞ dolları olub. Bu ixrac əməliyyatlarında 1021 şirkət iştirak edib. Bu müddətdə qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.
"Azexport.az" portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə "İxrac İcmalı"nda qeyd edilir ki, may ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 19 milyon ABŞ dolları olub. May ayında ilk dəfə portala Slovakiya, Tayvan və Surinam Respublikasından sifarişlər daxil olub. May ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yerkökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı, çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunanlar arasındadır.
May ayı ərzində Səudiyyə Ərəbistanı, ABŞ və Hindistandan "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin sayı artıb. Səudiyyə Ərəbistanından sifarişlər çaya, qənnadı məmulatlarına, avtomobil diaqnostika aparatına, ABŞ-dan sifarişçilər təbii bala, fındıq ləpəsinə, nar şirəsinə, bəzəkli şüşə qablara, Hindistandan nar şirəsinə, konyaka və s. daxil olub.
Ümumilikdə isə "Azexport.az" portalına 2017-ci ilin yanvar ayında 48 milyon ABŞ dolları, fevral ayında 6.5 milyon ABŞ dolları, mart ayında 27 milyon ABŞ dolları, aprel ayında 29.9 milyon ABŞ dolları, may ayında 19 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə, beş ay ərzində "Azexport.az" portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
"İxrac İcmalı"nın müntəzəm olaraq yayımı nəzərdə tutulub. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
"İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının icmallar bölümündə tanış olmaq mümkündür.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.