İQTİSADİYYAT
"Kapital Bank" daha bir 24/7 elektron xidmət mərkəzini istifadəyə verib
Bakı, 13 fevral, AZƏRTAC
"Kapital Bank" 24/7 rejimində xidmət göstərən elektron xidmət mərkəzini istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilərin rahatlığını təmin etmək məqsədilə yaradılan mərkəz paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi, 54 ünvanında yerləşir. Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən elektron xidmət mərkəzində maddi vəsaitin karta mədaxil olunması (cash in), vəsaitin nağdlaşdırılması üzrə valyuta əməliyyatları aparmaq mümkündür. "Cash in" əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əsginaz mədaxil etmək mümkündür. Vəsait hesabın açıldığı valyuta ilə karta mədaxil edildikdə heç bir komissiya haqqı tutulmur. Digər hallarda müvafiq konvertasiya faizləri tətbiq edilir.
Valyuta mübadiləsi bankomatlarında AZN, USD, EUR valyutaları qəbul edilir. Bunun müqabilində isə AZN, USD, EUR valyutasında əsginazları almaq mümkündür. Qeyd edilən ünvanda, həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. Mərkəzdə, həmçinin Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələri də ödəmək olar.