İQTİSADİYYAT
"Kapital Bank" və "Xalq Bank"ın şöbələrinə dair qərar qəbul edilib
Bakı, 9 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən, "Kapital Bank" ASC-nin "Masallı" şöbəsinin açılmasına icazə verilib və "Xalq Bank" ASC-nin 1 saylı "Bilgəh" mübadilə şöbəsinin icazəsi ləğv edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Direktorlar Şurasının iclasında "Kapital Bank"ın Masallı rayonu, M.Talışxanov prospektində yerləşən "ASAN Xidmət" Mərkəzində "Masallı" şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.
"Kapital Bank" ASC-nin "Masallı" şöbəsi "ASAN Xidmət" mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstərəcək.
İclasda, həmçinin "Xalq Bank" ASC-nin 14 aprel 2017-cı il tarixli müraciəti əsasında 1 saylı "Bilgəh" mübadilə şöbəsinin icazəsi ləğv edilib. Bank müraciətində əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilib.