İQTİSADİYYAT
"Kapital Bank"da fiziki imkanları məhdud olan şəxslər üçün "Mobil Qrup" xidməti yaradılır
Bakı, 3 avqust, Samirə Quliyeva, AZƏRTAC
Fiziki imkanları məhdud olan şəxslərin rahatlığını təmin etmək üçün avqustun əvvəlindən "Kapital Bank"ın "Mobil Qrup" xidməti fəaliyyətə başlayacaq.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni xidmətin yaradılmasının məqsədi fiziki məhdudiyyəti olan müştərilərin plastik kartlarını ünvanlarına çatdırmaqdır. Həmçinin, bütün sənədləşmə işləri kart sahiblərinin yaşadıqları ünvanda aparılacaq.
"Artıq 10 gündür ki, "Kapital Bank"ın şəhər və rayon filiallarında sosial müavinət və təqaüdlərin alınması üçün plastik kartların vətəndaşlara verilməsi davam edir. Bura əlillik, sosial müavinət və şəhid ailələrinə verilən kartlar aiddir. Bu günədək 60 mindən çox insan növbəlilik prinsipi ilə öz kartını alıb ", - deyə bankın məlumatında bildirilir.
Kartların paylanması prosesini sürətləndirmək məqsədilə bankın 10 paytaxt və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Kart sahibləri qeydiyyatda olduğu rayon üzrə bankın filialına şəxsiyyət vəsiqələrini təqdim etməklə kartlarını yeniləyə bilərlər. Kartların paylanması prosesi avqustda da davam etdiriləcək.