REGİONLAR
"Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlər başa çatıb
Ağsu, 6 sentyabr, AZƏRTAC
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində təşkil olunan təlimlər başa çatıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, təlimlərdə bələdiyyə üzvləri, müəllimlər, evdar qadınlar, xüsusilə xalça və palaz toxumaq bacarığı olan qadınlar iştirak ediblər.
Layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, araşdırma mərhələsində hər üç kənddə 100 qadın arasında sorğu keçirilib, evlərdə qorunub saxlanan xalça və palazlar haqqında qeydlər aparılaraq fotoları çəkilib. Respondentlər onlara ünvanlanan sualları özünəməxsus şəkildə cavablandırıblar.
Professor Kübra Əliyeva xalq sənətkarlığının yenidən dirçəldilməsi və inkişaf etdirilməsində kənd qadınlarının rolunu qeyd edərək onları toxuma və tikmə işlərinə başlamağa çağırıb. O, sərgi və yarmarkalara çıxarılan işlərin gələcəkdə kütləvi istehsala təkan verəcəyini bildirib.
Ekoloq-ekspert Gülşən Hüseynova çıxışında xalçaçılığın, eləcə də xalça elementlərindən istifadə etməklə geyim aksesuarlarının hazırlanmasının kənd sakinlərinə gəlir gətirəcəyini bildirib.
Turizm üzrə ekspert Aidə Məlikova kənd qadınlarının toxuduğu və tikdiyi bəzək əşyalarının turistlərə Azərbaycan xalqına məxsus zəngin və qədim sənət növlərini göstərmək baxımından önəmli olduğunu qeyd edib.
Gənc hüquqşünas Xəyal Əsədzadə isə qadınların kənd həyatında rolundan danışıb, onların dövlət və ictimai işlərdə fəal iştirakına diqqəti cəlb edib.
Elmira Abasovanın məruzəsində isə kustar əl əməyinin mənəvi-estetik mədəniyyətin formalaşmasına təsirindən danışılıb.
Gəgəli kəndində qurama ustası Sabirə Qarayevanın işlərindən ibarət sərgi nümayiş olunub. Öz əl işlərini təqdim edən Sabirə Qarayeva onların hazırlanması texnikası barədə kənd qadınlarına məlumat verib.
Bico və Qəşəd kəndlərində professor Kübra Əliyeva bəzi təbii boyama üsullarını göstərib. Yun və pambıq ipliklər nümunə üçün nar və soğan qabığı, boyaqotu kökü ilə boyanıb.
Fariz Xəlilli Azərbaycanda özünüməşğulluq proqramının həyata keçirilməsi, bu məqsədlə bütün ölkəni əhatə edən təlimlərin başlandığını qeyd edib. Kənd sakinlərini fəal olmağa, özünüməşğulluq proqramından yararlanmağa və ailə bizneslərini qurmağa çağırıb. O, oktyabrın 23-də Ağsuda xalça və palaz məhsulları yarmarkası keçiriləcəyini bildirib və bütün sənətkarları orada fəal iştirak etməyə səsləyib.