İQTİSADİYYAT
"Kercom": Yaxın gələcəkdə otellər və restoranlar üçün kiçik plastik qablaşmada məhsullarımızı təqdim edəcəyik
Bakı, 24 aprel, AZƏRTAC
Dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biri ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının artırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi biz sahibkarların, biznes strukturlarının fəaliyyəti üçün çox faydalı olacaq. Dövlətimizin başçısının sahibkarlara dəstəyi, sahibkarlığın inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlar biz sahibkarların işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmaq üçün ruh yüksəkliyi verdi.
AZƏRTAC xəbər verir ki, bu barədə bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olan "Kercom" şirkətinin rəhbəri, sahibkar Cavid Kərimov deyib.
""Kercom" şirkəti olaraq iqtisadiyyatımızın şaxələndirilməsində, qeyri-neft sektorunun inkişafında, ixracyönümlü məhsulların istehsalında öz yerimiz var. Biz artıq qablaşdırma, sertifikatlaşdırma, istehsal həcminin artırılması istiqamətində real addımlar atırıq. Bir sıra sərgilərə qatılmışıq, bal və arıçılıq məhsullarımızı nümayiş etdirmişik. Aldığımız çoxsaylı sifarişlər nəticəsində istehsal həcmimizi artırmağı planlaşdırırıq. Bu tələblərə cavab vermək üçün fəaliyyətimizi yaxın müddətdə istehsalımızı artırmaq istiqamətində sərmayə və digər müvafiq prosesləri uyğunlaşdıraraq koordinasiya olunmuş şəkildə aparmağı düşünürük. Yaxın gələcəkdə otellər və restoranlar üçün kiçik plastik qablaşmada məhsullarımızı təqdim edəcəyik", - deyə C.Kərimov qeyd edib.
Cavid Kərimov diqqətə çatdırıb ki, şirkətin əsas prioritet istiqaməti ixrac-satış kanalıdır:“Bu istiqamətdə biz dövlətlə çox sıx işləyirik. Dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına verilən dəstək nəticəsində hər il Almaniyada keçirilən ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisinə qatıldıq və "MR BEE" brendimizi nümayiş etdirdik. Daxili satış kanalımız isə iri market şəbəkələridir və bu şəbəkə genişlənməkdədir. Bununla yanaşı, bizim dünya üzrə öz bazarlarımız da mövcuddur. Bu, əsasən Körfəz ölkələridir. Bu bazarlarda sərt rəqabət olmasına baxmayaraq, biz artıq müəyyən nailiyyətlər əldə etmişik, sifarişlər almışıq.
Digər satış kanallarımızdan biri də ölkəmizdəki yeganə onlayn saytımızdır ki, ödənişi plastik və kredit kartla, həmçinin taksit kartla etmək mümkündür”.
"Krecom" şirkətinin, eyni zamanda, "Baku Businnes Factory" ilə sıx əməkdaşlıq etdiyini deyən C.Kərimov "Baku Businnes Factory"nun gənc sahibkarlara, startaplara dəstək verdiyini vurğulayıb.