İQTİSADİYYAT
"Listinq Məsləhət Proqramı" üzrə əməkdaşlıq haqqında sazişə yeni tərəfdaş qoşulub
Bakı, 14 mart, AZƏRTAC
Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – "Listinq Məsləhət Proqramı" (LMP) üzrə əməkdaşlıq haqqında kollektiv sazişə yeni tərəfdaş olaraq "RSM Azərbaycan" audit şirkəti qoşulub.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq haqqında sazişə əsasən, "RSM Azərbaycan" müştəri portfelində olan və maliyyə cəlb etmək istəyən şirkətləri LMP-yə yönəldəcək (hazırda BFB ilə birgə şirkətlərin siyahısı müəyyənləşdirilir), LMP çərçivəsində BFB-yə müraciət etmiş emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyə və təlim xidmətləri təqdim edəcək, həmçinin BFB-yə kapital bazarları vasitəsilə alternativ maliyyələşmə alətləri/mexanizmləri yaratmaqda kömək göstərəcək.
LMP layihəsinin "RSM Azərbaycan" da daxil olmaqla hazırda 12 tərəfdaşı mövcuddur: KPMG, "Baker&Tilly", "PwC" və EY audit şirkətlərinin Azərbaycan ofisləri; "Dentons" və "Baker&McKenzie" hüquq şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, investisiya şirkətləri olan "PAŞA Kapital" MMC, "İnvest-AZ" MMC, "AzFinance İnvest" MMC və "Unicapital" ASC.
Qeyd edək ki, "Listinq Məsləhət Proqramı" Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.
"Listinq Məsləhət Proqramı" çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının, habelə digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir.