İQTİSADİYYAT
"Made in World" şirkəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 1 aprel, AZƏRTAC
"Made in World" şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, "Made in World" onlayn portal, sərgilər, işgüzar görüşlər və premium satış xidmətləri vasitəsilə sahibkarların öz istehsal etdikləri məhsullarının Səudiyyə Ərəbistanı Krallığında satışına dəstək göstərən satış və marketinq şirkətidir.
Şirkətin "Online Marketing" portalı Azərbaycan sahibkarlarının öz məhsullarını reklam və təşviq edə biləcəkləri nadir onlayn marketinq platformasıdır. Azərbaycan sahibkarları digər ölkələrdə satışla məşğul olan şirkətlərin məlumatlandırılması və birbaşa əlaqələrin qurulması üçün ödənişsiz qaydada portaldan qeydiyyatdan keçə və məhsulları haqda məlumatları yükləyə bilərlər.
Bundan əlavə,"Made in World" dünyanın müxtəlif yerlərində iqtisadiyyatın müxtəlif sektorlarına aid işgüzar görüşlər və sərgilər təşkil edir. Bunlara ərzaq sənayesi, səhiyyə, tikinti, avadanlıqlar istehsalı, dəb, mebel istehsalı və digərləri daxildir.