ELM VƏ TƏHSİL
"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mayın 24-də keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Magistr-2017" müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Magistr-2017” müsabiqəsi AMEA prezidentinin 2017-ci il 23 yanvar tarixli sərəncamına əsasən AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında keçirilib. Müsabiqədə iştirak etmək məqsədilə 45 magistrant sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim edib.
Təqdim edilən sənədlərin təhlili AMEA prezidentinin 2017-ci il tarixli 27 aprel sərəncamı ilə yaradılmış ekspert komissiyası tərəfindən aparılıb. Komissiya bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübə keçmələrini, konfrans və ictimai tədbirlərdə iştiraklarını nəzərə alıb.
Ekspert komissiyası müsabiqə iştirakçılarının əldə etdikləri nəticələri qiymətləndirərək yekun rəy hazırlayıb və AMEA-nın prezidentinə təqdim edib.
AMEA prezidentinin 2017-ci il tarixli 16 may sərəncamına əsasən “Magistr-2017” müsabiqəsinin nəticələrinə görə 8 magistrant müvafiq yerlər üzrə mükafatlandırılıb.