İQTİSADİYYAT
"Maliyyə savadlılığının tədrisində aktiv təlim metodları" adlı seminar keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankı Uşaq və Gənclərin Maliyyə Savadlılığı üçün Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyə savadlılığı layihəsi üzrə tərəfdaş qurumlar üçün "Maliyyə savadlılığının tədrisində aktiv təlim metodları" adlı seminar keçirib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, seminarın keçirilməsində məqsəd uşaq və gənclərin maliyyə savadlılığının artırılması sahəsində fəal iştirak edən aidiyyətı qurumların potensialı və onların bu sahədə çalışan əməkdaşlarının texniki ekspert biliklərinin gücləndirilməsi, eləcə də maliyyə savadlılığı üzrə təlimçilərə mütərəqqi yanaşma və metodların ötürülməsi olub.
"Accessbank" QSC-nin təlim mərkəzində keçirilmiş üç günlük seminarda Vışeqrad Qrupu ölkələrində maliyyə savadlılığı sahəsində tətbiq olunan təlim metodologiyaları, aktiv təlim metodlarının üstün cəhətləri, uşaq və gənclərin maliyyə inklüzivliyinin önəmi və onların ehtiyaclarına uyğun bank məhsul və xidmətlərinin hazırlanması kimi məsələlər müzakirə edilib.
Seminarda Mərkəzi Bank, ölkədə fəaliyyət göstərən banklar və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət 20 nəfər iştirak edib. Sonda seminar iştirakçılarına müvafiq sertifikatlar verilib.