MƏDƏNİYYƏT
"Mədəniyyət.AZ" jurnalı yenidən oxucuların görüşünə gəlib
Bakı, 30 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan "Mədəniyyət.AZ" jurnalı növbəti nömrəsi ilə yenidən oxucuların görüşünə gəlib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, jurnala bölgələrimizdə də maraq artmaqda, jurnalı oxuyanların sayı çoxalmaqdadır. Jurnalın hər sayı yeni tapıntılar, maraqlı məzmun və kreativ dizaynla səciyyələnir.
May ayının tədbirlərinin sırasında ilin mötəbər və nüfuzlu mədəniyyət hadisəsi olan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu tədbir çərçivəsində baş tutan müxtəlif layihələr öz əksini tapıb. Birinci Avropa Oyunları ərəfəsində keçirilən Forumun təyinatı, gözlənilən mənaya qovuşması və müsbət nəticələri ilə Azərbaycanda keçirilən dünya səviyyəli hadisələr üçün layiqli zəmin yaratması bu materialların əsas məzmununu təşkil edir. Forumun mədəniyyət proqramı çərçivəsində hazırlanan "İşıq qayıdır" adlı möhtəşəm xoreoqrafik tamaşa-layihəsinin təfərrüatları da jurnalın bu buraxılışında yer alıb.
"Əsrin 70 illik gözləntisi" olan 28 may - Respublika Günü, böyük azərbaycanlının doğum günü və həyat fəlsəfəsini yaşadan və reallaşdıran 11 yaşlı Heydər Əliyev Fondunun fəaliyyəti haqqında yazılar uzun illərin gerçəkləşən xəyallarının inikası kimi oxunur.
"Mədəni Müxtəliflik Günü", VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı, beşinci " Muğam televiziya müsabiqəsi"nin yekunları, "Muğamat" essesi, 56- cı Venesiya Müasir İncəsənət Biennalisində Azərbaycanın növbəti uğuru, dünya caz ənənələrini yaşadan Beynəlxalq Caz Günü, 18 May - Beynəlxalq Muzeylər Günü və bu çərçivədə nazirliyin keçirdiyi tədbirlər, sənət korifeylərimiz - rəssam Əzim Əzimzadə, əqidə və amalını bizlərə miras qoyub gedən ustad Mirzə Ələkbər Sabir, milli heykəltəraşlığımızın banisi Fuad Əbdürrəhmanov, səhnə rekordları ilə məşhur Ədil İsgəndərov, tanınmış aktrisa Ətayə Əliyeva, sağ ikən canlı əfsanə misalı Tahir Salahov – bu kimi kulturaloji, humanitar və sənət mövzuları "Mədəniyyər.AZ" jurnalının diqqət mərkəzində saxladığı ənənəvi məqamlardır.
May sayının kino prioritetləri isə "Hədəf Bakıdır", "Dərs", "Qara Bağ", "İnikas", "Yarımçıq xatirələr" və "Yüksəliş" kimi qısa və tammetrajlı filmlərdən ibarətdir.
Mədəniyyət və incəsənət sahəsində elmi araşdırmalar aparan ziyalılar isə jurnalın bu sayında həm heykəltəraşlıq, həm musiqi, həm folklor, həm də kitabxana dünyamızın dərinliklərinə baş vura biləcəklər.