İQTİSADİYYAT
"Mənim məktəbim" resursu dövlət informasiya ehtiyatlarının reyestrində qeydiyyata alınıb
Bakı, 19 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müraciətinə əsasən "Elektron hökumət” portalının operatoru tərəfindən "Mənim məktəbim" informasiya resursu dövlət informasiya ehtiyatlarının reyestrində qeydiyyata alınıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, "Mənim məktəbim" informasiya ehtiyatının tərkibində 1995-ci ildən 2014-cü ilədək respublikanın bütün məktəbləri üzrə məzunların göstəricilərinin dinamik təhlili yerləşdirilib. Bu məlumatlar fənlər üzrə düzgün cavabların faizlərini, orta imtahan ballarının və ali məktəblərə qəbul olma göstəricilərinin dinamikasını tam şəkildə əhatə edir.
"Mənim Məktəbim" informasiya ehtiyatı göstəricilərin dinamikası, qəbul proseslərinin nəticələri və ən qabaqcıl məzunlar kimi bölmələrdən ibarətdir. Bu informasiya ehtiyatında bütün məktəblər üzrə qəbul imtahanlarında iştirak edən məzunların sayı, onlardan qız və oğlanların statistik göstəriciləri ayrı-ayrılıqda verilməklə, toplanılan orta ballar, ödənişli və ya ödənişsiz əsaslarla universitetə qəbul olanların sayı və s. kimi əhəmiyyətli statistik məlumatlar əksini tapıb.