CƏMİYYƏT
"Mənim müasir Azərbaycanım" layihəsinə qeydiyyat başlanıb
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Vətəndaş Cəmiyyətində Debat (DVC) İctimai Birliyinin təşəbbüsü ilə “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən "Mənim müasir Azərbaycanım” layihəsinə qeydiyyat başlanıb.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi iştirakçıların ölkədəki bir çox sahələr haqqında maarifləndirilməsidir.
Gənclər qeydiyyatdan keçməklə layihədə iştirak edəcək 30 nəfərdən biri olmaq şansı qazanacaqlar. Qeydiyyatdan uğurla keçən gənclər natiqlik və təqdimat bacarıqları təlimlərində iştirak edəcək.
Layihənin növbəti mərhələsində iştirakçılar əldə etdikləri biliklər əsasında təqdimat hazırlayacaq. Müsabiqənin nəticəsində münsiflər heyətinin rəyi ilə ən yaxşı 3 təqdimatın sahibi qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Layihədə 3-cü yerin sahibinə kitab seti, 2-ci yerin sahibinə “Level-Up” Təhsil İnkişaf Mərkəzində 20 faizlik endirim kartı, qalibə isə planşet təqdim olunacaq.
Layihədə iştirak etmək şansı qazanmaq istəyən gənclər qeydiyyatdan keçə bilərlər.
Qeyd olunub ki, DVC Azərbaycanda fəaliyyətə 1998-ci ildən “Debat” təhsil proqramı ilə başlayıb. Təşkilatın aparıcı və ən kütləvi proqramlarından olan “Milli Debat Proqramı” gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır.