MƏDƏNİYYƏT


"Mənim tanıdığım Vaqif" sənədli filmi görkəmli caz ustalarının xatirələri üzərində qurulub VİDEO

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkəti tərəfindən virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filminə həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ekran əsərinin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu film təmsil etdiyi qurumun son illər reallaşdırdığı çox iri sosial və mədəni layihələrdən biridir. BP Azərbaycan şirkətinin mədəniyyət sahəsinə mühüm önəm verdiyini söyləyən Tamam Bayatlı deyib ki, Vaqif Mustafazadəyə həsr edilməsi heç də təsadüfi deyil. Ona görə ki, sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamının banisi Vaqif Mustafazadəyə dünya musiqi ictimaiyyəti tərəfindən bir baxış və verilən dəyərin göstəricisidir. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.

Tamam xanım qeyd edib ki, ekran əsərinə baxan hər bir kəs Vaqif Mustafazadəni yenidən kəşf edəcək və belə bir həmvətəninin olmasına görə qürur duyacaq.

Filmin ssenari müəllifi Füzuli Sabiroğlu deyib ki, Vaqif Mustafazadə haqqında bir sıra filmlər çəkilib. Bu filmin özəlliyi isə ondan ibarətdir ki, Vaqif Mustafazadə sənətinə xaricdən baxış özünü göstərir. Belə bir fürsəti onlara yaratdığına görə BP Azərbaycan şirkətinə minnətdarlığını bildirən ssenarist deyib ki, film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Türkan Rüstəmova son illər nazirlik tərəfindən reallaşdırılan layihələrdən söz azıb. Deyib ki, filmin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı günlərində təqdimatı olduqca əlamətdardır.

Bildirilib ki, "Mənim tanıdığım Vaqif" filminin dünyada təbliği istiqamətində mühüm işlər görüləcək. 

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.