MƏDƏNİYYƏT
"Müasirlərim" seriyasından növbəti kitab nəşr olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
"Zərdabi LTD" nəşriyyatında yazıçı-publisist , Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyalın şair Musa Ələkbərliyə həsr edilmiş "Musa Ələkbərli" kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, müəllif "Müasirlərim" seriyasından olan bu kitabında tanınmış, istedadlı şair Musa Ələkbərlinin yaradıcılığına ümumi nəzər yetirib, onun yaradıcı ömrünün poeziyaya köçən maraqlı məqamlarını lirik-poetik ovqatla qələmə alıb.
Kitabda Musa Ələkbərlinin əsərləri ilə yanaşı, söz-sənət adamlarının onun haqqında yazdıqları məqalələrdən də geniş istifadə edilib.
Kitabın redaktoru və "Ön söz"ün müəllifi tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vaqif Yusiflidir. O, "Şair dünyasına və şeir dünyasına" başlıqlı yazısında bildirir: " Sona Xəyal Musa Ələkbərlinin poeziyasını iki aspektdə təhlil etməyə çalışır; həm özü bu poeziya haqqında müstəqil fikir yürüdür, həm də şairin yaradıcılığı ilə bağlı deyilən fikirlərə istinad edir".
Müəllif M.Ələkbərlinin yaradıcılığını əsasən iki istiqamətdən təhlil etməyə çalışıb. Onun "Musa Ələkbərli yaradıcılığında Vətən, millət və təbiət təəssübkeşliyi" və "Musa Ələkbərli yaradıcılığında sənətə və sənətkara münasibət" başlıqlı yazılarında şairin poetik dünyasına yeni bir baxış özünü göstərir.